- Fabula Kitab - https://www.fabulakitab.az -

Tarix – unutmaq haqqında məşhur əhvalat

tarix-unutmaq-haqqinda-meshhur-ehvalat
Əgər mələklər cəhənnəm ilə cəzalandırılsa, Tanrı onları axirət qapısında gözlədəcək. Xristianlığın məşhur, eyni zamanda, gözləməyin ən ali təsvirdə cəza olduğunu ifadə edən bu cümlə ilə yazıya başlayıb, xatırlamağın özü haqqında bir az düşünək.Yazmaq xatırlaya bildiyimiz yaddaşdır. Hər şeyi unutduğu anda insanın azadlığı başlayır və bu azadlıq sənət üçün ziyanlıdır. Təxəyyülün üfiqləri yaddaşın bitdiyi yerdən görünür. Nəyi xatırlamırıqsa, o, bizim deyil artıq. Eyni zamanda da, tarix bütün xatırlananların yarızarafat-yarıciddi icmalıdır. Elə bir icmal ki, bəşəriyyətin ümumi qənaətincə, bütün insanlıq bu icmalı bilməli, ondan xəbərdar olmalıdır. Hazırda haqqında danışacağım roman da yaddaş, unutmaq və tarixdən gizlənib öz həyatını yazmaq cəhdləri haqqındadır.

Joze Eduardu Aqualuzanın “Unutmağın teoremi” romanının sosial şəbəkələrdə kofe ilə yan-yana çox şəklini görmüşdüm. Adı və üz qapağının dizaynı nə qədər romantik bir romanı xatırlatsa da, əsər ilk səhifədən bizi yaddaş haqqında düşünməyə vadar edir. Ona görə də kitabın şəklini paylaşanlar bir həftədən sonra sıxıldıqlarını və yarım qoyduqlarını yazırdılar. Daha sonra romanla real həyatda kitab mağazalarından birində qarşılaşanda 2016-cı ildə “Man Booker” finalçısı, 2017-ci ildə Beynəlxalq Dublin ədəbiyyat mükafatı laureatı olduğunu biləndə niyə kitabın bizim oxuculardan “darıxdırıcıdır” rəyini almasını başa düşdüm. Kifayət qədər ciddi ədəbi mətnlərə və nəsillərə göndərmələr edən, Alan Kaufmanın dediyi kimi, Kutze və Markezin mətnlərinin portuqal  versiyası olan Anqola yazıçısı Joze Aqualuza yüz yetmiş səhifəlik əsərdə Ludu adlı portuqal qızın travmalarını və bacısı ilə Anqolaya gəldikdən sonra taleyin adına yazdığı uğursuz yaşantıları danışır. Romandakı hadisələr Anqolada çevriliş hərəkatının başladığı zamana təsadüf edir. Bacısı və onun sevgilisi ilə Anqolaya gələn Ludu öncə bacısının sevgilisini, daha sonra bacısını itirir və şəhərdəki özbaşınalıqdan qorunmaq üçün mənzilinin qapısına divar hörür. Beləliklə, onun otuz illik yalnızlığı başlayır.

Otuz il boyunca keçmişində şəxsi həyatı, ailə həyatı ilə bağlı travma yaşamış baş qəhrəman ömrünü otağın divarlarına köçürməyə başlayır. Xatırlamaq üçün yazır. Döşəmə, tavan həyat hekayələri ilə dolur. Fərdin cəmiyyətdə təklənməsi, prosesdən kənarda qalması və modern nihilizmi yaratması ispandilli ədəbiyyatın məşhur detallarından biridir. Müəllif hadisələri bir az da yeyinləşdirmək üçün detektiv təhkiyə üslubunu seçir. Otağın içində Ludu ilə birlikdə gəzən kamera yalnız onu və yazdıqlarını çəkir. Küçədə baş verən inqilabın obrazları zaman keçdikcə mətnin üslubunu ortaya çıxarır. Təsadüfi heç bir qəhrəman yoxdur. Ya keçmişində, ya da gələcəyində mütləq Ludunu tapan qəhrəmanlar hər cəhdlə onu bu yalnızlıqdan qurtarmağa çalışsa da, kütlənin anarxist aurasından, tarixin bir parçası olmaqdan qorxan baş obraz sona qədər mücadilə aparır. Taxtabənddən şəhəri və Anqolanın hüznlü tarixini izləyən, finalda elə taxtabənddən də inqilabdan canını qurtarmağa çalışan bir oğlanın evinə girməsi ilə məhbus həyatını başa vurur.

Dilimizə “Kaş unudaydım…” kimi tərcümə olunan roman yaddaşın oyanması, xatırlamaq kompleksi və tarix-fərd münasibtləri üzərindən insanın daxili tədirginliyindən, yaşadıqlarına peşmanlığından, ən əsası isə yenidən yaşamaq istəyindən bəhs edir. Müasir Robinzonlar cəmiyyətə uduzmuş, assosial, kafkaist tərəddüdlər yaşayanlardır. Çağdaş mətnlərin əsas mövzularından birinə çevrilən yaddaş və xatırlamaq dilemması günümüzün aktual problemləridir. Yaxın keçmişdə yaddaş transplantasiyası haqqında bir neçə sənədli filmə baxandan sonra fanilik haqqında yazılmış bütün romanlar, çəkilmiş filmlər yaradıcı mətbəxi ilə təəccübləndirməməyə başladı. Başqa birinin yaddaşı ilə yaşamaq. Reinkarnasiya. Ölmədən. “Unutmağın teoremi” yaddaşla mübarizəni əks etdirir. Xatirələr zəncirinə qoşulub gələn bütün keçmişin yaratdığı təəssüf, hüzn ruhi yolçuluğun başlandığı andır. Romanda bu səyahətin incə detalları var. Bütün tarixi inqilablar insanın özü ilə etdiyi davanın yanında aciz, boynu- bükük qalır. Bütün müharibələr yaddaş və qisas arasındakı Siratdan başlayır. “Kimik biz?” sualına coğrafiyanın, genin nə qədər təsiri olsa da, öncə şəxsi qənaətlərimiz və keçmişimiz cavab verir. Bu, zamanın xaricində baş verir. Öncə burada sonra, əgər bu, həqiqətdirsə, mələklərin önündə sorğu-sual başlayır. Sənət bu sorğu-sualın harasındadır? Müəllifin cavab tapmağa çalışdığı sual budur. Və bütün bu mürəkkəb prosesin içində gözləmək varsa, qabaqda daha ağır bir mübarizə var. Ludu inqilabın bitməsini gözləyir, kiminsə onun mənzilindəki ölkəsinə girməyini, divarı dağıdıb onu öldürəcəyini hiss edir. Ölmək xatırlamaqdan daha sadədir. Unutmaq onun üçün, toplumda tək qalmış, hər şeydən azad olunmuş “məhbus” üçün çıxış yoludur. Joze Aqualuza Ludunun həyatında unutmaq üçün teoremlər fikirləşir. Bütün həyatı yazmaqmı, nələrinsə bitməyini gözləməkmi, yoxsa keçmişə təslim olmaqmı? Xatırlamaq və ya unutmaq – bütün məsələ budur.

Romandakı bütün obrazlar bağışlanır. Bütün obrazların hekayəsi var və onların hamısı qısadır. Müəllifin kitab haqqında müsahibəsində dediyi bir fikir yadımda qalıb:

“İnsanları danışdırmağı, onların əhvalatını dinləməyi və bütün əhvalatları qısaltmağı sevirəm…”

Romanda göyərçin və qarnındakı almazlar xoşbəxtliyi təmsil edir. Öncə iki sevgili üçün tək ümid yeri olan quş, Ludu və bacısının Anqoladan qaçması üçün gərəkli olan almazları udur, sonda isə ac qalan Ludu həmin göyərçini yeyir və qarnındakı almazları atır. Artıq onlar lazım deyil. Sevgililərdən biri inqilabdan çıxa bilmir, digəri isə gedir. Yazıçı sənətin əsas qayəsini unutmadan hadisələr çevrəsini ümidverici tonda qapayır. Tarix insana uduzur. Onun yadında qalanlara, xatırladıqlarına. Xatırladıqlarına və keçmişinə. Söhbət yaddaşdan gedirsə, burada tanrı zamanın özüdür. Və ya tanrı zaman biçimindədir. Onun ədaləti bizləri ölümdən və unutmaqdan xilas edir.

/525.az/