- Fabula Kitab - https://www.fabulakitab.az -

Niyə Audiokitab?

niye-audiokitab
Ona görə ki;

Audiokitab vasitəsilə əvvəllər oxumaq istədiyiniz, amma oxumaq üçün vaxt ayıra bilmədiyiniz kitabları indi rahatlıqla metroda, avtobusda, gəzinti zamanı, hansısa səyahətə yollandığınızda, günün pik saatlarında tıxacda dinləyə bilərsiniz.

Bundan əlavə audiokitab ola bilərki, bəzi «kitab qurdu» olmayan insanların da diqqətini cəlb etsin, çünki audiokitablar aktyorlar tərəfindən əsərdə olan personajlara uyğun səsləndirilir. Bu bir növ cansız əşyaya nəfəsə vermək kimidir.

Səsli kitablarla bağlı Azərbaycanda bir neçə dəfə cəhdlər olub. Bu cəhdlər əsasən könüllülük prinsipinə əsaslanıb və daha çox universitet tələbələri tərəfindən kitablar səsləndirilirdi. Onu da qeyd etmək lazımdır ki, səsləndirilən kitabların həcmi kiçik və ya böyük əsərlərin müntəxabatı səsləndirilmişdi. Təbii ki, bütün bunlar da bir cəhddir və cəmiyyətə faydalı istənilən cəhd alqışa layiqdir. Lakin son 4 ildə Azərbaycanda audiokitab ilə məşğul olan bir qrup incəsənət  adamları bu işə daha  ciddi yanaşaraq, 700-dən çox dünya və Azərbaycan ədəbiyyat nümunələrini aktyor və aktrisaların ifasında səsləndirdilər. Layihə davam etməkdədir.

Dünya ilə müqayisə etməli olsaq, audiokitab layihələrinin Avropada, Amerikada, eləcə də Rusiyada artıq uzun illər əvvəl fəaliyyətə başladıqlarını görərik. Dünyada ən məşhur audiokitab layihələri içərisində “Storytel” və “Amazon” şirkətinin “Audible” səsli kitab layihəsini nümunə olaraq qeyd etmək istərdim. Hətta “Storytel” Türkiyənin 2014-cü ildə yaradılmış, ilk “Seslenen kitap” layihəsini də satın alıb. Abş-da audokitab layihəsi hələ 20-ci əsrin əvvələrində başlayıb və “Konqres” kitabxanasında 30 mindən çox  səsli kitab mövcuddur. Bu 40 ildən çoxdur fəaliyyət göstərən “Qutenberq”  layihəsi ilə paraleldir.

Bununla belə Türkiyədə bir sıra audiokitab layihələri varki, onların kitab bazalarında mindən çox kitab tapa bilərsiniz, misal üçün, audioteka.com.tr. Bu saytda siz türkcə, ingiliscə, almanca, rusca, fransızca audiokitablara dinləmək imkanı əldə edə bilərsiniz. Həmçinin Türk Telekom və Boğaziçi Universitetinin görmə qabiliyyəti məhdud olan insanlar üçün birgə hazırladıqları GETEM layihəsində mindən çox kitab səsləndirilib. Ümumiyyətlə “Play store”da axtarış verdiyiniz zaman Türkiyə türkcəsində bir neçə audiokitab tətbiqetmələrini tapa bilərsiniz. Şimal qonşumuz Rusiyada isə bu məsələyə daha ciddi yanaşıldığını deyə bilərik. Eləcədə, könüllük əsasında və yaxud pulsuz audiokitablar təqdim etməkdənsə, pullu və keyfiyyətli işlər görürlər. Rus dilində də istənilən axtarış sistemində audiokitablarla bağlı axtarış versəniz, onlarla tətbiqetmə qarşınıza çıxacaq. Amma mənə görə litres.ru daha peşəkar fəaliyyət göstərir.

Digər Türk dövlətləri olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda isə Audiokitab məsələsi ilə bağlı vəziyyət heç də ürək açan deyil. Demək olar ki, yox vəziyyətdədir. Sadəcə Qazaxısatanda bir neçə sayt var ki (/www.flip.kz, e-history.kz, kz.all.biz) bunlarda da kitablar az sayda və əsasən rus dilindədir.

Beləliklə, yenidən qayıdaraq Azərbaycandakı Audiokitab (audiokitab.az) layihəsinə, demək istəyirəm ki, bu layihə Azərbaycan xalqı üçün bir fürsətdir.

Audiokitab layihələrinə bugünə kimi dünyanın bir çox ölkələrində əsasən görmə məhdudiyyətli insanlar əsas tutularaq başlanıb. Lakin Audiokitab layihəsi hər kəs üçündür. Xüsusəndə müasir dövrün tələbləri nəticəsində insanların vaxt problemləri olur və hətta gündəlik işlərini çatdırmaqda çətinliklər çəkirlər, o ki qaldı, hansısa bir kitab alıb, onu oxusun. Lakin əvvəldə də qeyd etdiyim kimi, audiokitab vasitəsilə siz həm də vaxtınızı dəyərli keçirmiş olacaqsınız. Gündəlik nəqliyyatda saatlarımızı itiririk. Həmçinin hərəkətdə olan nəqliyyat vasitəsində kitab oxumağın gözləriniz üçün zərərli olduğunu da nəzərə alarsaq, audiokitabın əlverişli vasitə olduğunu görmüş olacaqsınız. Həmçinin il ərzində bir oxucu əgər 15 kitab oxuya bilirsə, audiokitab vasitəsilə bu say 2 dəfə artmış olacaq. Sınanmış təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bir il ərzində 100-dən çox audiokitab dinləmişəm.

Audiokitabların faydalı tərəflərindən biri də hər il yüz minlərlə ağacların kəsilməsinin qarşısını almış olacaq. Təsəvvür edin, yaxın gələcəkdə yazıçılar nəşriyyatlara deyil, birbaşa audiokitab layihələrinə üz tutaraq, yazmış olduqları əsərlərin səsləndirilməsi üçün müraciət edirlər. Və yaxud az sayda kitab nəşr etdirib, eyni zamanda audiokitaba müraciət etmək olar. Audiokitab layihəsi vasitəsilə siz cibinizdə böyük bir kitabxananı gəzdirmiş olacaqsınız.

Bir məsələni də xüsusi olaraq vurğulamaq istərdim. Audidokitab auditoriyaya təqdim olunduqdan sonra bəzən bir sıra audiokitab istifadəçilərindən aldığım mesajları qısaca hörmətli oxucularla da bölüşmək istəyirəm. «Niyə pulsuz kitablar azdı?», «Niyə pulsuz kitablar azdı?», «Niyə pulsuz kitablar azdı?». Bəli demək olar ki, ancaq bu suallarla üzləşirəm. Maraqlıdır kitab mağazasına daxil olarkən satıcıya heç zaman sual vermirik ki, kitablar niyə pulludur? Hər halda bu heç ağlasığan bir sual da olmazdı. Ümumilikdə isə «audiokitab.az»-da pulsuz kitablar var və bundan sonrada pulsuz kitablara üstünlük veriləcək.

Rafiq Şahbazov