Bir şeirə görə həbs edilən, dünyanı pəncərə arxasından seyr edən insanlar, yəqin, sizə də yad deyir. Roman 1913-cü ildə Qraf Aleksandr Rostovun yazdığı şeirlə başlayır. Şeir bir axtarışdan, heç bir şeyin göründüyü kimi olmadığından bəhs edir. Ardınca – 1922-ci ildə məhkəmə protokolu və Rostovun Daxili İşlər Xalq Komissarlığı Təcili İşlər Komitəsinin önünə çıxarma aktı gəlir… Rostov 1889-cu ilin oktyabrın 24-də Peterburqda dünayaya gələn bir zadəgandır. Bir çox titulları olmaqla yanaşı, o bir şairdir. 1913-cü ildə yazdığı “O, indi haradadır?” adlı şeirə görə məhkəməyə cəlb edilir. Səbəbi isə 1905-ci ildə baş tutmayan üsyandan sonrakı illərdə şeirin inqilaba çağırış kimi dillərdə gəzməsidir. Məhkəmə Rostova fərqli bir həbs cəzası verir: Onu həbsxana əvəzinə “Metropol” hotelinə göndərir. Məhkum qəti şəkildə hoteli tərk edə bilməz, əks halda güllələnər.
Kitabın əvvəlində verilən məhkəmə səhnəsi bizə tanışdır. Rostov sözünü əsirgəmir: “Hər şeir bir inqilabdır”, ‒ deyir. Həyatı incəsənətdən ibarət olan Rostov zəngin bir ailənin övladıdır. O həyatda əməklə deyil, həyatdan həzz alaraq sağ qalmağa çalışanlardandır. Rostov elit bir insandır, istedadlıdır, hazırcavab və zarafatçıldır. Yaşadığı cəmiyyət sürətlə dəyişir, o isə əsas “qida”sından məhrum edilir, yaradıcılığı bəsləyən dövrün çalxantılarını sadəcə izləməklə kifayətlənir.
Qraf keçmişdəki kimi, dəbdəbəli suit otaqda deyil, hotelin istifadə edilməyən bir nömrəsinə yaşayır. Həyatı məhbəsə çevrildiyini sanan qəhrəman üçün hoteldə yeni bir həyat başlayır. Rostov üçün sadə sayılan bu həyat yeni dostluqlara qapı açır, köhnə dostluqlara başqa aspektdən yanaşma imkanı verir. Yazıçı Rostovu hotelə həbs edərək köhnə və yeni Rusiyanı təsvir edir. Bu oxucuya mühakimə deyil, müşahidə imkanı verir.
Rostovun həbs edilməsi eyni zamanda qəhrəmanın qaçışı sayılır. Müəllif oxucuya yeni həyatın “necə quruldu”ğunu göstərir. Rostov çöl həyətını dostun məktublarından öyrənir. Məktubların birində dostu yazır ki, ruslar qurduqları şeyi dağıtma işində mahirdirlər.
Amor Toulus təkcə SSR-də deyil, həmin dövrdə digər ölkələrdə gedən siyasi hadisələri də araşdırıb. Romanda qrafın həbs həyatı ilə yanaşı, biz dövrün tarixi ilə də geniş tanış oluruq. Romanda sona yaxın həyəcan artır. 1954-cü ilin iyun ayında gözlənilməz hadisələr baş verir. Roman uzun olsa da, axıcı və oxunaqlıdır.
Adalet Çavdar