- Fabula Kitab - https://www.fabulakitab.az -

Joze EduardU Aqualuza “Buqələmunlar kitabı” romanını Deniel Hanla müzakirə edir

  1.  “Buqələmunlar kitabı” (“The Book of Chameleons”) – Joze Eduardu Aqualuzanın “O Vendedor de Passados” romanı ingilis dilinə “The Book of Chameleons” adı ilə tərcümə edilmişdir.
  2. Deniel Han (Daniel Hahn) – İngilis yazıçı, redaktor və tərcüməçi.
  3. Bu müsahibə kitabın orijinalında mövcud deyildir. Müsahibə kitabın ingilis dilinə tərcüməsindən götürülmüşdür.

S: Yaxşı, romanı yazmağa başlamağınızla bağlı bir sual verək. Yeni bir kitab üzərində çalışmağa qərar verəndə adətən işə haradan başlayırsınız? Ümumiyyətlə, əlinizdəki əsas material nə olur – personajmı, səhnəmi, bir sərlövhəmi, ya da bir cümləmi? Məsələn, “Vendedor”a başlayanda ağlınızda nə vardı?
C: Məncə, hər kitabın başlama səbəbi fərqli olur. Məsələn, “Um Estrano em Goa” (“Qoada bir yad adam”) romanı daha sonra öz personajını yaradan bir adla başlayır. Bir zamanlar qeyri-adi adlar haqqında və bəzi adların müəyyən talelər yaratdığına dair bir köşə yazısı yazmışdım. Məsələn, adı “məsumluq öldürür” mənasına gələn “İnosensiya Mata” adlı Afrika ədəbiyyatı üzrə bir professor tanıyıram. Fikrimcə, adı “İnosensiya Mata” olan bir insanın, şək-şübhəsiz, fərqli bir peşəsi olmalıdır. Məsələn, o, ibtidai sinif müəllimi cildinə girmiş bir casus ola bilər. Sonra “sakit bazar” mənasına gələn “Plasidu Dominqu” adı ağlıma gəldi və əsrarəngiz, lakin çox sakit bir personaj yaratmağa başladım… Ardınca Qoaya getdim. Orada həm Plasidu Dominquya, həm də İblisə mübtəla olmuşdum. Bilirdim ki, İblis yalnız katolikliyin hakim olduğu Qoa kimi bir yerdə mövcud ola bilər. Məntiqli olan da bu idi. Və beləcə, bu iki personaj bir araya gəldi.
“Buqələmunlar kitabı”na gəldikdə isə, bu romanın ərsəyə gəlməsi daha asan oldu. Feliks yuxuma girdi. Mənə: “Adım Feliks Venturadır, nuvorişlərə keçmiş satıram…” dedi və oyananda mən Berlində baş verən, baş qəhrəmanı Feliks olan bir hekayə yazmağa başladım. Hekayə bir Portuqaliya qəzetində dərc edildi. Ancaq çox keçmədən başa düşdüm ki, bu personajın daha geniş məkana, yəni romana ehtiyacı var. Və mən elə ilk fürsətdəcə onu yazmağa başladım.

S: Deməli, əlinizdə özünü sizə tanıdan Feliks adlı bir personajla bağlı bir hekayə vardı və sonra siz roman yazmağa başladınız. İlk vaxtlarda yazacağınız əsər haqqında nə bilirdiniz? Bu, çox mürəkkəb bir əsərdir və başa düşdüyüm qədər, yazmazdan əvvəl hər şeyi diqqətlə planlaşdırmısınız, elə deyil?
C: Xeyr, kitabın sonunun necə bitəcəyini heç vaxt bilmirəm. Mən elə məhz buna görə yazıram. Yəni nələr baş verəcəyini bilmək istəyirəm. Əlbəttə, başlanğıcda müəyyən bir strukturunuz olmalıdır. Təhkiyəçi və ya təhkiyəçilər kim olacaq, hansı üslubda olacaq və s. Bütün bunlar üçün vaxt lazımdır. Ancaq ondan sonra personajlar özləri məni istiqamətləndirirlər.

S: Hesab edirəm ki, yaradıcılığınıza müxtəlif amillər təsir edir – fərqli üslublar, fərqli ölkələr və sair və ilaxir… Amma mən məhz bu kitabın yazılmasında rolu olan bir şəxsiyyət, Xorxe Luis Borxes haqqında sual vermək istəyirəm.
C: Bu kitab Borxesə ehtiram borcudur. Ümid edirəm, Borxes bu “oyunu” yüksək qiymətləndirər. Eyni zamanda, bu, bir növ hesablaşmadır. Borxesi bir yazıçı kimi sevirəm, amma, məncə, onun həmişə qapalı və “küt” bir tərəfi olub. O hətta irticaçı idi, tez-tez dilinə mizoqonist və irqçi fikirlər də gətirirdi. Qadınlarla münasibətləri çox mürəkkəb idi. Hətta belə bir inam da var ki, o dünyadan köçəndə bakir olub. Kitabımda Borxes Luandada bir gekkonun bədənində təkrar təcəssüm edir. Gekkonun xatirələri epizodik olaraq Borxesin həyatı ilə üst-üstə düşür. Yəni Borxesə ikinci bir şans vermək istəmişəm. Kitabımda o bu imkandan maksimum istifadə edir.

S: Bəs oxucunun Borxes haqqında məlumatı yoxdur­sa, onda necə? Bu kitabı anlamaqda çətinlik çək­mə­yə­cəkmi?
C: Borxesi mənim qədər oxuyan, həyatını bilən oxucu, yəqin ki, kitabdan daha çox zövq alacaq. Bu, quşların ad və xüsusiyyətlərini bilən bir insanın kəndi gəzməsinə oxşayır. Amma unutmayın ki, quşların davranış xüsusiyyət və səbəblərini bilməsəniz də, uçuşlarına tamaşa edərək ondan həzz ala bilərsiniz.

S: İlk dəfə deyil ki, öz personajınızı yaradarkən mövcud bir personajdan istifadə edirsiniz. İstər Borxes kimi real bir şəxs, istərsə də, “Kreol” romanında Esa di Keyroşdan götürdüyünüz Fradiki Mendiş kimi xəyali bir personaj olsun… Bunun müsbət və mənfi cəhətləri nələrdir? Bu sizə ilham verir, yoxsa, əksinə, imkanlarınızı məhdudlaşdırır?
C: Mən heç vaxt orijinala sadiq qalmaq üçün səy göstərmirəm. Düşünürəm ki, personajım başlanğıc nöqtəsini hansısa bir mövcud personajdan götürsə də, əsər boyunca tədricən öz həyatını formalaşdırır… İstər Borxes olsun, istərsə də Fradiki Mendiş – onlar həm köhnə, həm də yeni personajlardır.

S: Sizcə, bu roman Anqolaya nə dərəcədə aiddir? Əlbəttə, romandakı əhvalatlar orada baş verir, amma hər hansı başqa bir yerdə də ola bilərdi? Məsələn, Mozam­bik, Konqo və ya Paris olsaydı, nəsə dəyişərdimi?
C: Məsələn, Heminquey üçün “Əcəl zəngi” əsərinin sırf Amerikaya aid olub-olmaması elə də vacib deyildi. Ancaq kitab özündə amerikalıların ispanlara olan yanaşmasını açıq-aydın əks etdirir. Mənim romanlarım isə həmişə anqolalıların konkret reallığa baxışlarını ifadə edəcək. Bu, şübhəsiz ki, yaddaşa və onun hiylələrinə, həmçinin kimliyin formalaşmasına həsr olunmuş bir kitabdır. Bu isə universal bir mövzudur. Mənə elə gəlir, bu hər kəsin anlaya biləcəyi bir şeydir. Ancaq, fikrimcə, bu mövzunun aktuallığı Anqola kimi bir ölkədə daha da yüksəkdir. Marksist diktaturasından və vətəndaş müharibəsindən yeni çıxan, insanların özlərini təkrar tanımağa ehtiyac duyduqları bir ölkədə… Mənim üçün bu kitab bariz bir Anqola romanıdır.

S: Kitabda təsvir edilən hadisələrin fonundakı siyasi mühiti bir az izah edə bilərsinizmi?
C: Əhvalatlar Anqola tarixinin xüsusilə maraqlı olan bir dövründə baş verir. Ölkə iyirmi beş illik vətəndaş müharibəsindən sonra sülh şəraitində nisbətən rahat nəfəs alır. Hərçənd demokratiyadan danışmaq hələ tezdir; son seçkilər 1992-ci ildə keçirilib. Korrupsiyaya, qohumbazlığa və rəhbərlərin səriştəsizliyinə baxmayaraq, torpağın səxavəti iqtisadiyyatın dirçəlməsini təmin edir. Hər iki aydan bir yeni neft yataqlarının tapıldığını elan edirlər. Anqola tezliklə səhraaltı Afrikaya qara qızıl tədarük edən Nigeriyanı keçəcək. Müstəqillikdən sonra marksist sistemin qurucuları indi böyük bir həvəslə bazar iqtisadiyyatını müdafiə edirlər. Qısa vaxtda böyük sərvətlər qazanırlar. Düzünü desəm, bu şəraitdə siz də zəngin ola bilərsiniz. Kənddən gələn anqolalılar, siyasətçilər, hərbçilər, bir sözlə, yeni zənginlər təkəbbürlü portuqaldilli şəhər aristokratiyası tərəfindən qəbul edilmək üçün mübarizə aparırlar. Gələcəkdə öz yerlərini tapmaq üçün tez-tez yeni bir keçmişə ehtiyac hiss edirlər. Anqola şəraitində isə bunu əldə etmək üçün pul verməyə hazır olan çoxlu insanlar var.

S: Kitabın Anqolaya aid olması məsələsinə qayıdaq, özünüzü müəyyən bir yazı ənənəsinə mənsub bir yazıçı hesab edirsinizmi? Avropanın realist siyasi yazıçılarını, Latın Amerikasının fantastlarını və ya Afrikanın postmüstəmləkəçi romançılarını sələflərinizin xələfləri hesab edirsinizmi? (Yadımdadır, Qarsia Markesin özünü Afrikalı yazıçı kimi qələmə verdiyini demişdiniz.)
C: Düzünü desəm, xeyr. Yazanda bu haqda düşünmürəm. Amma bütün yazılarımda istər-istəməz oxuduğum və məndə iz qoyan yazıçıların, xüsusən də ispandilli yazarların əks-sədaları hiss olunur. Düzdür, Latın Amerikası dünyası böyüdüyüm Afrika dünyasına çox bənzəyir.

S: Bəs mütaliə etdiyiniz və sizdə iz qoyan bu yazarlar kimdir, bir neçə ad çəkə bilərsinizmi?
C: Yaradıcılığıma təsir edən latın amerikalı yazıçılar arasında, əlbəttə ki, Qarsia Markes, Barqas Yosa və Borxes var. Həmçinin zorakılıqla mübarizədə sərt üslubu ilə məni həmişə valeh edən braziliyalı yazıçı Rubema Fonseka… Yeniyetməlik dövründə Jorje Amadunu da çox oxuyurdum. Amadu son dərəcə zəngin olan Afro-Braziliya dünyasına dair ədəbi tədqiqatların aparılması yollarını göstərərək romanlarında Afrika əsilli braziliyalıları sistemli şəkildə baş qəhrəman kimi təqdim edən ilk portuqaliyalı yazıçıdır. Bu, 1930-cu illərdə olmuşdur. Bəlkə də, məhz bu səbəbdən, hər nə qədər bu gün o paternalist dünyagörüşünə görə bir qədər tənqid edilsə də, təkcə portuqaliyalı yazıçılar üçün deyil, sonrakı nəsil Afrika yazıçıları üçün də çox vacib şəxsiyyətdir.

S: Növbəti sualım əhvalatlar haqqındadır – kitablarınız əhvalatlarla doludur, personajlara və ya arxa fona rəng qatan kiçik, gözəl, incə əhvalatlar qələmə alırsınız. Bir az qəribə gələ bilər, amma həmişə sizdən soruşmaq istədiyim, amma heç vaxt soruşmadığım bir sualım var: sizin bir əhvalat kolleksiyanız var? Bu əhvlatlar ağlınıza yazı prosesində gəlir, yoxsa yaddaşınızda, ya da dəftərlərinizdə (və ya Feliks kimi qovluqlarda və videokasetlərdə) istifadə etməyinizi gözləyən yüzlərlə əhvalat qoruyursunuz?
C: Bu əhvalatların çoxu yazı əsnasında ağlıma gəlir, bəziləri isə yaddaşımdadır. Düzünü desəm, mənə ən çox kömək edən qəzetlərdə yazdığım köşə yazılarıdır. “Publiko” üçün yazdığım yazılar mənim içinə hekayələr, personajlar, bu və ya digər frazalar yazdığım qeyd dəftərçəm kimidir. “Buqələmunlar kitabı” bu qeydlərə çox şey borcludur.

S: Bir nümunə verə bilərsinizmi?
C: Feliks Venturanın özü, yəni kitabın əsas personajı ilk dəfə “Publiko” qəzeti üçün yazdığım hekayələrdən birində ortaya çıxmışdı. Keçmiş satan bir anqolalı idi, Berlində tətildəydi. Təhkiyəçi onunla orada, şəhərin şərqində braziliyalıların tez-tez baş çəkdiyi bir barda qarşılaşır. Maraqlıdır ki, “Publiko”dakı bu kiçik hekayə məndə böyük təəssürat yaratmışdı, hətta bir prodüser mənə yaxınlaşıb bu hekayə əsasında qısametrajlı film çəkməyi də təklif etmişdi. Bu heç vaxt reallaşmasa da, bilirdim ki, əlimdə bir hekayədən daha artığına layiq personaj var.

S: Və nəhayət, sizə tərcümə haqqında sual vermək is­təyirəm. İngilis dilinə tərcümənin son mərhələlərin­də fəal iştirak edirsiniz. Bu, işi mənim üçün daha maraqlı hala gətirir; iş prinsipiniz, ümumiyyətlə belədir, yoxsa mən­mi çox tələbkaram? Tərcümə işində nə qədər təcrübəniz var? Və tərcümə prosesinin özü ilə nə dərəcədə maraqlanırsınız?
C: Ümumiyyətlə, kitablarımın ingilis, fransız, ispan və italyan dillərinə tərcümələrində şəxsən iştirak edirəm, çünki bu dillərə bələdəm. Tərcümə prosesində iştirakım tərcüməçinin nə istədiyindən asılıdır. Əlbəttə, bütün tərcümələrdə iştirak etmək istərdim, amma bəzən o dillərdə özümü sərbəst (rahat) hiss etmirəm. Bəzən də buna vaxtım olmur. Tərcümə hansısa mənada əsərin yenidən yaradılmasıdır. Bu məni narahat etmir, əksinə, sevindirir, çünki tərcüməçinin tapdığı həll yollarının uğurlu olduğunu və kitabın ruhuna xələl gətirmədiyini düşünürəm. Dildə özümü nə qədər sərbəst hiss etsəm də, mətn üzərində nəzarət gücünün daha çox tərcüməçidə olduğunu bilirəm. Dilin ritmi, xarakteri ilə bağlı məsələlər var ki, bunlar çox vacibdir və mənim bu barədə fikir bildirməyim doğru deyil.