Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Frederik Bakman: “Heç vaxt “mənə yazıçı desinlər” xəyalında olmamışam.”

Tarix: 04.09.2019 | Bu məqalə 4. 728 dəfə oxunub.

frederik-bakman-hec-vaxt-mene-yazici-desinler-xeyalinda-olmamisham
 Bir vaxtlar o İsveçin Helsinqborq şəhərində sürücü idi – yük maşını sürücüsü. İndi isə eyni anda üç kitabı New York Times-ın bestseller siyahısına daxil olan dünya şöhrətli yazıçı. Fredrik Bakmanın uğurunun tarixçəsini, demək olar, bilməyən yoxdur, lakin hər dəfə ondan söhbət açılanda insan istər-istəməz ona heyran qalır. Onun “Uvenin ikinci həyatı” adlı romanı dünyanın 40-dan çox ölkəsində milyonlarla nüsxə satılıb. Üstəlik, əsasında çəkilən film “Oskar”a namizəd göstərilib.Bu gün Bakman “Vi mot er” (şərti tərcümə – “Biz sizə qarşıyıq”) adlı altıncı romanının təqdimatını keçirir. Lakin müsahibədə nə kitablarından (Bakman kitablarına əhvalatlar deməyə üstünlük verir), nə də sevimli Uve obrazından danışmağa can atır. Bunun əvəzinə müsahibənin ilk on dəqiqəsində köhnə yazı makinalarından danışırıq. Fredrik yazı makinalarının vurğunudur.

Reallıqdan qaçış 

Bakman kolleksiyanı Stokholm mərkəzindəki ofisində düzüb. Əsasən 20, 30 və 40-cı illərin portativ metal yazı makinalarından ibarətdir, hamısı da işlək vəziyyətdədir.

– Bu zir-zibil kolleksiyası deyil, yoldaşımın tapşırığıdır, – zarafat edir Fredrik. Yazıçı bəzən yazılarını makinada yazır. Bunu belə izah edir:

– Bunun əl əməyindən bir fərqi yoxdur, adi fiziki işdir. Barmaqlarım klavişə toxunanda tamam ayrı hislər keçirirəm. Kompüterdə, əksinə, mən bu hisləri duymuram. Yazı makinasında yazdınmı, silmək mümkün deyil. Ona görə hər sözü diqqətlə yazmaq lazımdır.

Fredrikin söz yaradıcılığına uşaqlıqdan marağı varmış. Yaradıcılıq onun üçün həm reallıqdan qaçma, həm də hissləri idarə etmə, özünü dərk etmək üçün bir yoldur.

– Fikirlərimi ancaq yazaraq formalaşdıra bilirəm. Düşünclərimi başqa cür ifadə etmək mənim üçün həmişə çətin olub.

Fredrik Bakman yaradıcılıq vasitəsilə həm də insanları və onların hislərini anlamağa çalışır.

– Hər şey nəticə, etibarilə, hislərlə idarə olunur və mən bunun nəyə gətirib çıxardığını başa düşmək istəyirəm. Məsələn, mənə qəzəbli insanlar maraqlı gəlir: görəsən, onları qəzəbləndirən nədir? İnsanlar niyə ağlayır, niyə gülürlər?

Fredrikin müəyyən bir çərçivəyə uymayan insanlara xüsusi marağı var. O, bu insanların daxili aləmində nələr baş verdiyini və bunun gündəlik həyatlarına necə təsir etdiyini anlamaq istəyir. Hətta axmaqlarla belə maraqlanır.

– Mən də onlar kimiyəm. Mən belə deyəndə insanlar gülürlər, amma mən beləyəm. Zaman-zaman elə həddimiz aşıram, öz-özümə “bax bunu nahaq dedim” deyirəm.

Frederik öz səhvlərindən dərs almağa çalışır və onu bu özü üstündə apardığı terapiya yazıçılıq peşəsinin bir hissəsini təşkil edil.

Zövqlə nağıl etmək  

Fredrik Bakman tez-tez yazı sənətini musiqi sənəti ilə müqayisə edir: bir insan mahir çalğıçıdırsa, bu, o demək deyil ki, musiqi bəstələyə bilər.

– Anadangəlmə yazıçılıq istedadım olmayıb, ancaq əhvalatları çox gözəl nağıl etməyi bacarırdım.

Fredrik uşaqlıqda Astrid Lindqrenin “Lionheart Brothers” və digər kitablarını kəşf edib və beləliklə kitab sevgisi, daha doğrusu yaşı əhvalatlara marağı oyanıb. Tolkini və Klayv Steyplz Lüisin Narniya kitablarını oxuduqdan sonra bu hiss onda daha güclənib. Yeniyetməlik dövründə isə Harri Potter kitabları ondan dərin izlər qoyub.

– Mən xəyali aləmləri çox sevirdim, bu aləmlərdən çıxmaq istəmirdim.

Fredrik etiraf edir ki, hal-hazırda onun üçün burada olmaq çox çətindir, çünki o, daim, hətta fikirlərində belə, yazır. O əmindir ki, bu yaradıcılığın təbii nəticəsidir.

– Xəyali aləmlərdə yaşamaq mənim üçün adi haldır.

Buna görə də, o, gündəlik həyatdan uzaqlaşmamaq üçün səy göstərməli olub, xüsusilə də, həyat yoldaşı ilə tanışlıqdan və iki uşağın atası olduqdan sonra.

– Uşaqlar, əlbəttə ki, tamamilə real həyatda yaşayırlar və sənin, zehnən də olsa, başqa aləmlərdə olmağın mümkün deyil. İndi başa düşürəm ki, səbəbsiz kefim pozulur və əsəbiləşirəmsə, demək, hansısa bir fikri tamamlaya bilməmişəm. Bu, tez-tez uşaqlarla aramda münaqişələrə səbəb olur: sözlərini kəsib: “Ata düşünməlidir!” deyirəm. Nəyi gizlədim, necə varsa, elə də deyirəm.

Əks təqdirdə, keçən dəfəki hadisə təkrarlana bilər: Fredrik gərgin keçən iclasdan sonra qarlı havada balaca oğlunu bağçaya aparıb, uşağı arabadan götürəndə, nə görsə yaxşıdır, oğlunun əynində paltar yoxdur. Əlbəttə, düz evə qaçmalı olublar.

Bir az sərt 

Fredrik Bakmanın “Vi mot er” (“Biz sizə qarşıyıq”) adlı altıncı romanı 2017-ci ilin avqust ayında İsveçdə nəşr olunub və bir il əvvəl çap olunan “Björnstad” (şərti tərcümə – “Ayı şəhəri”) kitabının ardıdır. Bu iki kitab onun əvvəlki romanlarındandan bariz şəkildə fərqlənir: son romanlar daha sərt və ciddidir. Təhkiyə bir neçə qəhrəmanın dilindən aparılır, çünki “Ayı şəhəri” ilk dəfə teleserial üçün nəzərdə tutulub. Dörd seriyasını yazdıqdan sonra, Fredrik görür ki, vaxtının çoxunu görüşlərdə keçirməli olur.

– Gördüm ki, bu iş mənlik deyil. Hər dəfə mübahisə çıxırdı. Nəticədə qərara gəldim ki, kitab üstündə özüm işləyəcəm və beləcə, kitabı tamamladım.

Serial layihəsi dayandırılıb, kitabların ekranlaşdırılması üçün müəllif hüquqları isə artıq satılıb.

Xəyali “Ayı şəhəri”ndə bütün həyat xokkey ətrafında dönür. Fredrik çoxdandır ki idman haqqında bir kitab yazmaq istəyirmiş.

– Soyunma otaqlarında fərqli bir ab-hava və həyəcan olur. Əslində bu, məndəki idman sevgisini izah etmək üçün bir vasitədir. Mənə elə gəlir, insanın təməl hissləri idmana vurulmağa səbəb olur.

Fredrik Bakman əmindir ki, onda “sağlam” idman marağı var. Yeri gəlmiş, bu fikirlə hamı razı deyil. Maraqlıdır ki, yaxınlarından heç kim, hətta həyat yoldaşı belə idmana maraq göstərmir.

– Atalar günündə həyat yoldaşım ailəcə bizi Nyu-Yorkda xokkey maçına dəvət eləmişdi. Mənə: “Bu, mənim hədiyyəmdir: səninlə xokkeyə gedəcəm, yanında oturacam, sən mənə bir şey deyəndə özümü elə aparacam ki, guya maraqlanıram,” – demişdi. Oyunda: “Ola bilməz ki, xokkey insana maraqlı gəlməsin!” fikri ağlımdan getmirdi. Axır ki, yoldaşım etiraf elədi ki, bu iki saat həyatının ən unudulmaz anları olub.

Xokkey vurğunu 

Uşaqlıqda idman Fredrik üçün reallıqdan qaçmağın başqa bir yolu olub.

– Xokkeyə duyduğum sevgi eynilə Narnia kitablarını oxuyanda keçirdiyim hisslərə bənzəyir. Bu aləmə addım atırsan və  real həyat yox olur.

Xokeylə yanaşı Fredrik müxtəlif idman növlərində özünü sınayıb. Lakin hər cəhdi bir travma ilə nəticələnib.

– Bəlkə də məhz buna görə xokkeyə belə vurğunam — özümdən bilirəm ki, oynamaq necə çətindir və bundan ötrü çoxlu çalışmaq lazımdır.

Amma idman təkcə sevgi deyil. İdmanın bir də qaranlıq tərəfi var: nifrət və dağıdıcı güc ilk sıralarada dayanır. “Bear Town” kitabının əsas mövzusu idmanın məhz bu tərəfidir.

– Bir çox insan idman azarkeşlərinə xas olan bütün pis xüsusiyyətlərin məndə də olduğunu deyə bilər, çünki mən də onlara kimi, qışqırıram, söyürəm. “Bear Town “da təsvir olunan idmanın bir çox qeyri-mədəni aspektlərini həyatımdan ilham alaraq öz riyakarlığıma və həyama meydan oxumaq üçün yazmışam.

– Mən özüm oxşar gərgin ab-havalı soyunma otaqlarında olmuşam, çoxlu axmaqlıq görmüşəm, bəzən də yersiz sözlər sərf eləmişəm. Bu o demək deyil ki hər yer belədir, ancaq soyunma otaqlarında gedən seksizm və homofobiya ifadələrini, məsələn, ofislərdə eşitməzsiniz.

“Bear Town” haqqındakı kitablarda ikiüzlülük və nifrət dəhşətli nəticələrə gətirib çıxarır. Amansız cinayətlər törədilir və insanlar dəyər verdikləri şeyləri qorumaq üçün qorxunc qərarlar verirlər. Fredrik Bakmanın bu davranış mexanizminə xüsusi marağı var.

– Yaxınlarımızın canını qurtarmaq üçün nələrdən keçməyə hazırsız? İnsanların özünü təhlükəsizlikdə hiss etdiyi, özlərindən əmin və xoşbəxt olduqları xokkey və ya idman klublarında bu sual daha da aktuallıq qazanır. Və kim ki, bu məkanı təhlükəyə atarsa, aqressiya ilə qarşılaşar.

Zirvədə olmaq 

“Bear Town” trilogiya kimi nəzərdə tutulub və Fredrik Bakman indidən finalı görür. Lakin üçüncü, son hissəsini yazmadan əvvəl, başqa bir kitab daha yazmaq istəyir. Bu kitabın qəhrəmanı çox xeyirxah insan olacaq. Belə ki, xeyirxahlığı üzündən müasir cəmiyyətdə başına min cür müsibət gələcək. Bu kitabın müvəqqəti adı “Etinasız kimsə”dir. Fredrik hələlik bu layihədən ortaya nə çıxacağını bilmir.

Bakman halhazırda, ən azı kitabların satışı baxımından olsun, karyeranın zirvəsində olduğuna inanır və yaradıcılığına ara verib bundan həzz almağı düşünür, əks halda sonra gec olar. Bəs şöhrət onu maraqlandırırmı? Bu sualın cavabı hələlik bizim üçün sirdir.

Kitablarına yazılan resenziyaları oxuyur, lakin müsbət-mənfi təsirində qalmaq istəmir.

– Gördüyüm işi hamı sevsin, fikrində olanın başı dərddən qurtulmaz. Tənqiddən uzaq olmağın yeganə yolu əl-qolunu bağlayıb oturmaqdır!

Fredrik üçün yazıçı kimi xatirələrdə qalmaq vacib deyil, o yaxşı əhvalat danışan insan kimi yadda qalmaq istəyir.

– Heç vaxt “mənə yazıçı desinlər” xəyalında olmamışam. Mən çox xoşbəxtəm və fəxr edirəm ki, hal-hazırda gördüyüm işi görürəm. Mən bunu bir imtiyaz olduğunu bilirəm. Arzum odur ki, gələcəkdə insanlar kitablarımı müəllif adına baxmadan oxusunlar. İstəyirəm ki, mənim əhvalatlarım özləri oxucuların qapılarını döysünlər. Mən buna ancaq şad olardım.

Mənbə: Allers 

Müəllif: Sisiliya Erikson 

Tərcümə etdi: Mustafa Ruşan

0

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın


Copy Right © 2013
Bütün hüquqları qorunur.