Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Endrü Şon Qrir: “Demək olar ki, yazdığım bütün o romanlar.”

Tarix: 04.09.2019 | Bu məqalə 2. 188 dəfə oxunub.

endru-shon-qrir-demek-olar-ki-yazdigim-butun-o-romanlar
“Pulitser” mükafatı laureatı Endrü Şon Qrir və onun (çoxsaylı) Quqqenhaym təqaüdü əldə etmə cəhdləriBu yaxınlarda mənə əldə etmək üçün azı 15 il müraciət etdiyim bir qurum tərəfindən təqaüd verildi.  “Azı” deyirəm, çünki kompüterimdə ancaq 2001-ci ilin qovluqlarını tapdım. Bu sənədləri bir neçə ildə bir yeniləyirəm ki, kompüter oxuya bilsin. Qısası, sənədlər çox köhnədir. Bir halda ki mən prokrastinatoram, roman üstündə işləməliyəm, təqayüd alar-almaz şadlıqdan göndərdiyim bütün köhnə ərizələri oxudum. Dəqiq desək, təklif etdiyim layihələri – yazmağı düşündüyüm romanları təkrar oxudum. Onlardan bəzilərini, doğrudan da, yazmışam – təqaüdsüz, – bəzilərində bir addım yol gedə bilməmişəm. Bəzilərini isə tamam unutmuşam. Düşünürəm ki, hər yazıçıda hələ yazmadığı və yazmağı heç vaxt planlaşdırmadığı romanların siyahısı var. Onlardan bəziləri əlçatmaz xəyallardır. Bəziləri isə, etiraf edək ki, pis idealardır. SlotoGate.com…Madam ki, mövzu açıldı, icazənizlə bir neçə müşahidəmi ərz edim…

1. Necə yaşayaq və nə edək?

Bu layihədə üç nəfərin bir günü (2000-ci ilin 4 apreli) təsvir edilir. Ardınca 1950 və 1900-cu illərin həmin gününü təkrar təsvir edilir. Eyni personajlar, ancaq başqa vaxtlarda… Romanda qəhrəmanların həyatlarının zamanla necə dəyişdiyini göstərməyi düşünürdüm. Məni ən çox maraqlandıran qeyri-ənənəvi orientasiyası olan qaradərili qadınlar idi. Layihəni unutmamışdım, gördüm ki, romanda mətləbə çatanadək oxucu 2000-ci ilin bir gününün 24 saatını yarıb keçməlidir. Təkrar işə başladım, bu dəfə isə zaman intervallarını dolaşdım və işarələr qoydum – özü də rəngli qələmlərlə. Təəssüf ki, hələ də bu layihənin qaralamasını tapa bilməmişəm. Halbuki ərizəni göndərəndən bir il sonra bu kitabın “Azad həyat” adlı başqa versiyasını müsabiqəyə göndərdim. Sonra bir daha adını dəyişdirib “Nyuton Uiksin digər həyatları” qoydum. Səhv eləmirəmsə, dostu zamanda səyahət edən bir oğlan haqqında idi. Tam yadımda deyil. Onun əvəzinə başqa bir roman yazdım – “Bir nikahın tarixçəsi”. Bu layihədən düz on il əl çəkmədim. İzlərini 2014-cü ildə çıxan “Qreta Uelsin mümkünsüz həyatları” romanında görmək olur. Demək, heç nə əbəs deyilmiş.

2. Qaranlıq illər

Vay, aman. Görəsən, günəşi sönən Amerika barədə roman yazmağa məni nə vadar edib. Yadımdadır, hətta Berklidən bir iqlimşünasla da görüşmüşdüm, ondan günəşin olmamasının bitkilərə, quşlara və s. necə təsir edəcəyini öyrənmişdim. Əlbəttə məni ən çox maraqlandıran insanların zülmətlə mübarizəsi idi. Təsəvvürümə görə, biz, çox güman, insanlığımızı itirəcək və bir-birimzə qarşı üsyan qoparacaqdıq. Aydındı ki, Saramaqonun “Korluq” romanının təsirində qalmışam. Hələ də bu romanı yazıb bitirə bilməmişəm, amma eyni motivli ”Zülmət” adlı bir hekayə dərc elətdirmişəm. Agentim onu anlamasa da, hekayə “Sinifdənxaric oxu üçün ən yaxşı kitablar” siyahısına düşüb. Bəlkə də, bu bir roman üçün qısa olan ideyaya bir nümunədir. Əgər hekayəni oxumaq istəsəz, ödənişsiz saytımdan oxuya bilərsiniz.

3. Taun ilinin gündəliyi

Bu romanı demək olar ki, unutmuşam, amma yadımdadır ki, yazıb-yazmamaqda yaman tərəddüd edirdim: bu romanı yazım, yoxsa sonraları “Bir nikahın tarixçəsi” adı ilə çıxan romanı? Bir onu xatırlayıram ki, bu layihə 1918-ci ilə, Amerikanın qərbinə köçürülən “Eneida”nın süjeti idi. Nə desəz, haqlısınız. Başa düşmürəm, mən onda nə fikirləşirdim? Niyə “Eneida”? Niyə məhz qərb? Niyə 1918-ci il? Səhv eləmirəmsə, süjetdə bir əsgər Troyadan qayıdan Eney kimi, Birinci Dünya müharibəsindən qayıdır. Yoxsa bu mənim “Soyuq dağ” versiyam idi? Yadımdadır, həftələrlə mətnin üstündə əziyyət çəkdim. Qaralamanı tapdım, birinci cümləsini verirəm, oxuyun, gülün: “Başqaları odda sağ qaldığı kimi, biz də qarda sağ qalmışdıq: tanrıların sayəsində”. Sən bir cümləyə bax. Tez-tez ağlıma belə bir fikir gəlir ki, nəsə “əhəmiyyətli” bir şey yazmalıyam və hərdənbir “əhəmiyyətli” sandığım axmaq bir fikrə düşürəm və bu mənim bir neçə həftəmi alıb aparır. “Eneida”? Sən bir səfehliyə bax…

4. Yenə sən

“Ayrı şəraitdə, ayrı dövrdə təkrar görüşən iki insan; bu dəfə yaşları, cinsiyyətləri və irqləri başqadır, ancaq onlar yenə də həmin iki personajdır”. Ərizəmdə belə yazmışam. Yəqin, bu roman reinkarnasiya haqqındadır? Çox gedə bilməmişəm. İtaliya kitab festivalına göndərmək üçün qaralama versiyasını yazmışam, ancaq sonra fikrimdən daşınıb göndərməmişəm. Bu cür süjetlər komediya üçün yarayır: zamanda səhayət edən Benedikt və Beatriçe kimi (Şekspirin “Heç nədən hay-küy” pyesin qəhrəmanları). Üstəlik, işləsəydim, vaxtımı çox alardı: tarixi axtarışlar, köhnə ruhlar yenə bədənlərdə, dəyişən münasibətlər? Mən artıq bu “cəhənnəm”dən iki dəfə keçmişəm: “Maks Tivolunun qeyri-adi həyatı” və “Qreta Uellsin mümkünsüz həyatı” romanlarını yazarkən. Yəqin, zaman barədə triloqiya yazmaq istəmişəm. Şükür ki, fikrimdən daşınmışam. Yenə də bu ideya məni hələ də özünə çəkir. Neyləyim, həyatdan dərs ala bilmirəm.

Əminəm ki, başqa romanlar da olub, hətta bəlkə də, bəzilərini heç ərizələrdə qeyd eləməyi əbəs bilmişəm. Onların əksəriyyəti dəftərçələrə bir sətirlik ideya kimi qalıb. Yazıb bitirdiyim, amma hələlik çap elətdirmədiyim kitabları saymıram. Belələri də çoxdur: suya batmış şəhərin macəraları, kovboylar haqqında, Hollivudda kabus, ancaq onları heç vaxt və heç kim onları görməyəcək. Belə güman edirəm… Nə bilmək olar. İndi onlar haqqında yazmaq feysbukda keçmiş sevgilinin səhifəsini qurcalamaq kimidir. Üstündən çox vaxt keçib, artıq özümü təhqir edilmiş, incinmiş hiss etmirəm. Sadəcə yada salıb düşünürəm: “Birlikdə olmaq gözəl idi…”

Fabula.az

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın


Copy Right © 2013
Bütün hüquqları qorunur.