Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Ço Nam Ju: “Kitabım məndən daha cəsurdur”

Tarix: 19.03.2021 | Bu məqalə 1. 477 dəfə oxunub.

Keçmiş televiziya ssenaristi 41 yaşlı Ço Nam Junun “1982-ci təvəllüdlü Kim Ci Yon” adlı romanı 2016-cı ildə ölkədə #MeToo hərəkatının başladığı vaxtda yazılıb və Cənubi Koreyada ən çox satılan kitabların siyahısına daxil olmuşdur. İngilis dilində də nəşr olunan roman Cənubi Koreya cəmiyyətinin bütün sahələrindən, oğlan uşaqlarının imtiyazlı mövqeyindən tutmuş iş dünyasındakı ayrıseçkilik və təcavüz də daxil olmaqla gender bərabərsizliyindən bəhs edir. (Dünyanın ən böyük 12-ci iqtisadiyyatı olmasına baxmayaraq, Cənubi Koreya son gender bərabərsizliyi hesabatında 153 ölkə arasında 108-ci yerdədir.) Ço ailəsi ilə Seulda yaşayır.

Roman Cənubi Koreyada necə qarşılandı?

Oxucular romanı, həqiqətən, anladıqlarını, xüsusilə qadınlar kitabda öz həyatlarından izlər gördüklərini deyirlər. Romanı oxuduqları üçün (internetdə) hücuma məruz qalan məşhurlar oldu. Bu hadisələr ictimai müzakirə üçün bir fürsət yaratdı, dolayısilə kiçik bir töhfə verdiyimə görə şadam.

Cənubi Koreyadakı #MeToo hərəkatı haqqında nə deyərdiniz?

2016-cı ilin may ayında Kannam Stansiyasında bir qadın öldürüldü və o ilin oktyabr ayında ədəbiyyat və incəsənət daxil olmaqla, cəmiyyətin müxtəlif sahələrində çoxlu təcavüz qalmaqalları baş verdi. İnsanlar əvvəllər müzakirə olunmayan, qadınların məruz qaldıqları nifrət və təhdidləri ictimailəşdirməyə başladılar. Daha sonra, prokuror Seo Ci Han (Seo Ji Hyun) xanım başından keçən hadisələri ictimaiyyətlə bölüşərək #MeToo hərəkatında iştirak etdi (Koreya televiziyasına verdiyi müsahibədə iş yerində təcavüzə məruz qalmasından danışdı və bu çıxışı digər qadınları da ruhlandırdı).

Müəyyən inkişaf varmı, yoxsa qadınlar hələ də bu cür problemlərlə üzləşirlər?

Cinsi istismar və ayrıseçkilik hələ də davam edir. Bu yaxınlarda xəbərlədə sırf qadın olduğu üçün dövlət məmurlarından daha aşağı qiymət alan və bu səbəbdən işə düzələ bilməyən bir qadından danışdılar. Ancaq bəzi dəyişikliklərə də rast gəlmək olur. Qadınlar etiraz edib vəsatət qaldırdılar; həmrəylik adına birləşməyə başladılar. Bu yaxınlarda cinayət hesab edilən abortun Konstitusiyaya zidd olduğuna qərar verildi. İnkişaf yavaş getsə də, geriyə  qayıtmayacağımıza inanıram.

Dediniz ki, siz dünyaya gəlmədən əvvəl atanızla əminiz arasında bir sövdələşmə olub: oğlan doğulsaydınız, beş qız atası olan əminiz sizi övladlığa götürəcəkdi. Bu sövdələşmədən xəbəri olan bir qadın kimi, hansı hisslər keçirirsiniz?

Mənim üçün, həqiqətən, bir fərqi yoxdur. Bir qadın olduğuma görə əmimin, ya da atamın ailəsində yaşamağımın bir fərqi yoxdur. Ancaq oğlan doğulsaydım, düşünürəm ki, bu həyatı, yaşadığım dünyanı indiki kimi anlaya bilməzdim, zəiflərin cərgəsində olan bir insan kimi mən və mənimkimilər dünyaya daha geniş aspektdən baxa bilirik.

Övlad dəyişmə sizdə adətdir?

Bu, anamın nəslində daha çox yayılmışdı. Dayımla atam arasındakı sövdələşmə haqqında eşidəndə çox təəccübləndim. Ancaq kitabda da qeyd elədiyim kimi, o dövrdə belə bir tendensiya vardı, qadın qız uşağına hamilə qaldımı, abort edirdi, 1980-ci illərdə və 90-cı illərin əvvəllərində bu hal pik nöqtədə idi.

Roman bir milyondan çox satılıb, 18 dilə tərcümə edilib. Bu cür qlobal bir uğura münasibətiniz necədir?

Romanım ekranlaşdırılanda rejissor (Kim Do Yön / Kim Do Young) kitabın özünəməxsus bir enerjisi olduğunu demişdi və mən bu fikirlə razıyam! Roman məndən daha mütərəqqi və daha cəsurdur.

“Girls’ Generation” qrupundan Su-Yön (Soo-young) və “BTS”-dən RM kimi bir neçə “K-pop” ulduzu roman haqqında təriflər yağdırıb. Bu necə effekt verdi və sizin K-popa münasibətiniz necədir?

Koreyada yeni bir söz var: “idolseller”. Bestseller mənasında “K-pop” ulduzlarına bizdə “idol” deyirlər. Məşhurların dəstəyi çox vacibdir. “K-pop”un köhnə pərəstişkarıyam: “Mamamoo” qrupunun və Teyonun (Taeyeon) fanatıyam.

Romanda bir səhnə var, iş yerində, qadın tualetinə gizli kamera qoyulur. Koreyada bu hallara çox rast gəlinir?

Əvvəllər, qanunsuz videoların paylaşıldığı böyük bir veb sayt var idi, 2016-cı ildə bağlandı. Ancaq bu gün hələ də bu cür videolar yayanlar haqda xəbərlər eşidirik.

Bu yaxınlarda “Parazit” filminin rejissoru Bon Cun Ho (Bong Joon Ho) belə bir fikir səsləndirdi: “Koreya ilk baxışdan çox zəngin və cazibədar bir ölkə kimi görünür … ancaq varlılarla kasıblar arasındakı uçurum get-gedər artır. Xüsusilə, gənc nəsil ümidsizdir”. Bu fikirlə razısız?

Bəli, düşünürəm ki, cavan kişi nəsli əvvəlki nəsillərə nisbətən daha az gücə, kapitala və ya imkanlara sahib olduqlarını düşündükləri üçün özlərini zərərdə hiss edirlər. Ancaq hesab edirəm ki, bu kişilər daha az imkanlara sahib olan qadınları alçaltmamalıdırlar.

Cənubi Koreyada doğum səviyyəsi niyə aşağıdır?

Bizdə daşınmaz əmlakın qiyməti, həqiqətən, yüksəkdir və məşğulluq təminatı yoxdur. Cavan nəsil öz imkanları ilə yaşamaqda çətinlik çəkir. Üstəlik, analıq məzuniyyəti kimi şirkətdaxili güzəşt sistemimiz yaxşı deyil, bu səbəbdən həm kişi, həm qadınlar işlə ev arasında qalırlar.

Tərbiyə problemlərindən bəhs edirsiniz, analıq haqqında nə düşünürsünüz?

Ümumiyyətlə, Koreya cəmiyyəti uşaq böyüdən qadınlara kifayət qədər dəstək vermir. Şəxsən mənim karyerama fasilə verdikdən sonra işimə qayıtmağa ümidim yox idi. Çətinlik çəkdim. Əgər ictimai quruluşumuz dəyişsə, hamı uşaq böyütməyə dəyər versə, düşünürəm ki, övladlarımızla daha çox xoşbəxt ola bilərik.

 

Müsahibəni alan: Holli Uilyams / Holly Williams

Foto: Can Maykl Park / Jun Michael Park

Mənbə: “The Guardian”

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın


Copy Right © 2013
Bütün hüquqları qorunur.