Romana gələndə isə, bu kitabda yeganə real şey romanın baş qəhrəmanı olan binadır. Jurnalist işləyəndə bir neçə il bu binada yaşamışam. Siyasi dözümsüzlüyün pik nöqtəyə çıxdığı dövr idi, qorxurdum, təşviş içində idim. Bəzən elə olurdu ki, qapını bağlayıb dünyadan əl-ətək çəkmək istəyirdim. Sonra yavaş-yavaş xəyallarıma, bu qadın, Ludo, baş çəkməyə başladı. Beləcə, roman ərsəyə gəlmiş oldu.
Romanın əvvəlindən axırınadək Anqolanın müstəqillik əldə etdiyi illərdə sosializm idealogiyasına malik olduğunu, lakin çox keçməmiş üzünü kapitalizmə tərəf çevirdiyini vurğulayırsınız. Sizcə, ölkədəki bu dəyişikliyin səbəbləri nə idi?
Berlin divarının dağılması və sosialist ölkələrin tənəzzülü, əlbəttə ki, ən mühüm amildir… Bir digər səbəb isə eynən Rumıniya və ya nəsli kəsilən Şərqi Almaniyada olduğu kimi, Anqolada da çevrilişin hakimiyyət tərəfindən idarə edilməsi idi. 1979-cu ildə hakimiyyətə gələn Joze Eduardu duş Santuş şəxsən sosialist idi, amma daha sonra sayəsində ailəsi ilə birlikdə zənginləşdiyi kapitalizmə uğurla keçid elədi.
Kitabda Anqolanın mədəniyyətinə aid bir çox elementlərlə qarşılaşırıq. Muqubal çobanları, Kuvale tayfası, Kianda və s. Anqolanın sosial və mədəni reallıqlarından agah olmayan ölkələrin oxucularına Anqoladan bəhs etmək çətin olmadı ki?
İnanıram ki, oxucu məni başa düşür. İnsan hər yerdə insandır. Eyni qorxular, eyni arzular, eyni istəklər. Anqolanın mifologiyası da digər mifologiyaları özündə əks etdirir.
Ümid aşılayan bir roman yazmısız. Sizcə, insanın təbiətində radikal dəyişikliyə meyil var? Romanda əksər obrazlar dəyişdi, “sağaldı”, yaxşılaşdı…
Məncə, ən amansız zalımlara belə ikinci dəfə şans vermək lazımdır. Romanda ən amansız, məğlubiyyətə uğrayan, fikirləri qarışan obrazlara belə ikinci şans verməyə çalışdım. Bəziləri qəbul elədi, bəziləri yox. Mövhumatçı Ludo insanlardan qorxmamağı öyrəndikdən sonra qurtuldu. Onu qurtaran ona dəyərləri xatırladan, onu işıqlandıran bir uşaq idi. Digər bir obraz, – portuqaliyalı muzdlu əsgər kültür mübadiləsi sayəsində qurtuldu.
Kitabın poetik dili səhnələri film kimi zehnimizdə canlandırır. Kitabın filmini çəkməyi düşünmüsüz?
Bir neçə dəfə belə cəhdlər olub. Portuqaliyalı bir rejissor qəşəng bir ssenari yazmışdı, amma maddi dəstək tapa bilmədiyi üçün həyata keçirə bilmədi. Agentliyim kitabın ekranlaşdırılması ilə bağlı bir Fransız şirkəti ilə danışıqlar aparır. Əslində, şirkət romanı Anqola deyil, başqa bir ölkəyə adaptasiya etməyi düşünür. Nə bilmək olar, bəlkə, bu ölkə Türkiyə olar.
Kitabınızın türk dilinə tərcümə edilməsi barədə nə düşünürsünüz? Türk ədəbiyyatından kimləri tanıyırsız?
Türkiyənin köklü bir ədəbiyyat tarixi var. Nazim Hikmət və bir neçə Türk yazıçının portuqal dilinə tərcümə edilən kitablarını oxumuşam. Orxan Pamukun romanlarını çox sevirəm. Bu kitabları oxuyanda Türk ədəbiyyatında hələ kəşf etmədiyim çox şey olduğunu düşünürəm. Ümid edirəm, gələcəkdə Portuqaliyada türk yazıçıların kitabları daha çox çap olunar. Türkiyə fərqli mədəniyyətlər qovşağı kimi həmişə mənim diqqətimi çəkib, ciddi marağıma səbəb olub. Təəssüf ki, heç vaxt ölkənizdə olmamışam.
Kitabın tərcüməsi əsnasında Anqolaya aid bir çox həqiqətləri öyrəndim. Anqolanı dünyaya tanıtmaq kimi bir məqsədiniz var?
Hesab edirəm ki, “həqiqət” anlayışı totalitar məfhumdur. Bir həqiqət yoxdur, həqiqətin fərqli versiyaları var. Kitablarımda fərqli həqiqət versiyalarına yer ayırmağa çalışıram. İstəyirəm ki, oxucu özü nəticə çıxarsın.
Nələrdən ilham alırsız? Stolüstü kitabınız var? Əsərləri əhval-ruhiyyənizi oxşayan müəlliflər kimlərdir?
Böyük romanlar bizi yazmağa sövq edir, bizdə yazma arzusu oyadır. Cənubi Amerika ədəbiyyatı; Borxes, Xulio Kortasar, Qarsiya Markes və Jorje Amadunun əsərləri məndə dərin izlər qoyub. Stolüstü kitablarım isə Fernando Pessoa və Leopold Senqoranın əsəsrləridir.
Romanda tez-tez Portuqaliya, Braziliya və Anqola yazıçı və şairlərdən sitatlar gətirirsiz. Romanda keçən əhvalatlar da, əslində, bu üç ölkəyə aiddirlər. Sitatlar bu üç ölkə xaricində sizcə necə qarşılanır?
Kitablarımın əksəriyyəti bu üç ölkə arasında gedib-gələn insanların və fikirlərin axınından ərsəyə gəliblər. Son dövrlərdə bu axın daha da güclənib. İnsanlar və fikirlər bu axını həm yaradır, həm də ona öz töhfələrini verirlər.
Əsərlərinizin tərcüməçiləri ilə əlaqələriniz necədir? Tərcümə prosesində siz də iştirak edirsiz?
İştirak etməyə çalışıram, amma bəzən mümkün olmur. Kitablarım çoxlu dillərə tərcümə edilir və bildiyim qədər, tərcümələrin bir çoxu birbaşa Portuqal dilindən edilmir. Tərcüməçi mühümdücr. Tərcüməçi kitabı kəşf edən kaşifdir, kitabı gözəlləşdirə də, onu məhv edə də bilər. Mənim üçün əsas ritmdir, cümlələrin melodiyasıdır, mənim mətnlərim şeirə “bulaşıblar”, tərcüməsi asan deyil.
Yeni kitabınız haqqında məlumat verə bilərsiz?
Hadisələrin Mozambik adasında keçdiyi bir roman yazmağa başlamışam. Bundan artıq məlumat verə bilmərəm. Düzü özüm də bilmirəm, nə alınacaq. Romanın məni hara aparacağını ancaq yazaraq öyrənirəm.
http://www.hurriyet.com.tr
Çevirdi: Mustafa Ruşan